Məqsədlərimizə necə çatırıq? Və ya belə deyək, müvəffəqiyyət necə-nəyin nəticəsində əldə edilir? İstedadın? Axı üzərində çalışılmadıqda, istifadə edilmədikdə istedadın heç nəticəsi olmur ki, hələ bir onunla müvəffəqiyyət də əldə olunsun. Digər tərəfdən, istedadı olmayanlar da müvəffəq olurlar axı. Ümumiyyətlə, biz istedad nəyə deyirik? Kimilərinin çalışıb-vuruşub, zəhmət çəkib yetişdiyi bir məqama, kimilərinin daha tez, daha asan və bəlkə də əziyyətsiz çatmasına, təbii ki. Fəqət istedadlı və istedadlı olmayan iki şəxsin inkişaf "səviyyələrinin" bərabər, hətta çox çalışarsa istedadlı olmayanınınkının yüksəkdə olması mütləqdir. İnkişaf səviyyəsi görülən işin keyfiyyətini, görülən işin keyfiyyəti səbəb-nəticə əlaqəsinə əsasən, görülən işin nəticəsini müəyyən etdiyindən, görülən işin nəticəsinin müvəffəqiyyət olduğunu da nəzərə alsaq müvəffəqiyyətin mütləq, istedada bağlı olmalı olmadığı aydın görünür. Mühüm olan insanın dayandığı inkişaf, kamillik səviyyəsidir, yəni bacarığıdır. Bacarıqlı olduğumuz qədər yaxşı nəticə əldə edirik, istedadlı olduğumuz qədər yox. Fəqət, istedad şəxsin başlanğıc sürətidir. Başlanğıc sürətin-istedadın yüksək olması son sürətin, yəni bacarığın yüksək olmasına böyük dəstəkdir. Təəssüf ki, çox vaxt istedad anlayışı bundan fərqli təsir bağışlayır. Hal-hazırda istedad istedadlı olmayanlar üçün ümidsizlik, istedadlılar üçün özündən razılıq mənbəyinə çevrilib. Mənim versiyam bu kəlmənin, ümumiyyətlə, yaddan çıxarılması, daha doğrusu istifadə edilməməsidir. Əvəzinə, bacarıq sozünü işlədə bilərik. Bacarıq həm görülən işin nəticəsinin formalaşdırlasında tək meyyardır, həm də təhsil və təcrübə ilə əldə edilə bildiyindən daha həvəsləndirici təsir bağışlayır. Buna görə, BACARIQ İSTEDADDAN BACARIQLIDIR.
Comments