Risksiz müvəffəqiyyət - vücudsuz mahiyyətlərdəndir!
Məncə, hal-hazırda nə düşündüyünüzü bilirəm.
Öz-özünüzə "risksiz müvəffəqiyyəti başa düşdük, bəs bu vücudsuz mahiyyət nədir?"- ,deyirsiniz, elə deyilmi? Amma vücudsuz mahiyyət də elə budur, başa düşə, düşünə bilirsən amma həqiqətdə yoxdur, elə risksiz müvəffəqiyyət kimi.
Fizikanın təbiəti, botanikanın bitkiləri, anatomiyanın insan orqanizmini öyrəndiyi kimi fəlsəfə dediyimiz bu elm də həyatda görünüb-görünməməyindən asılı olmayaraq mövcud olan hər şeyi-vücudları öyrənir. Hə... Bir də vücudlarla və ədəm adlanan yoxların-var olmayanların fərqlərini... Fərz eləyin, rəngbərəng plastlinlərdən bir maşın, bir at, bir insan düzəldirsiniz. Plastlinin xüsusiyyətlərinin bu oyuncaqların üçünə də aid olduğu kimi vücudun xüsusiyyətləri də bütün var olanlara aid edilə bilir. Bərk durun, indi daha geniş bir ümumiləşdirmə həyata keçiməyə çalışacağıq, vücudlar və qeyri-vücudlar, olanlar və olmayanlar arasında. Fəlsəfədə olanların və olmayanların xüsusiyyətləri mahiyyət adlanan termin vasitəsilə araşdırılır. Biz iddia edirik ki, hər bir şeyin var olub-olmamasından asılı olmayaraq mahiyyətinə varmaq olar. Məs. "üçbaşlı əjdaha" həqiqətdə mövcud deyil amma onun 3 başının olmağı, təxminən, 4-5 insan hündürlüyündə olması, daha doğrusu olsaydı belə olmuş olacağını bilirik. Bir şeyin heç bir xüsusiyyətini təyin etmək mümkün olmadığında belə bir xüsusiyyəti olur ki, biz buna mümkünsüzlük deyəcəyik. Baxın, risksiz müvəffəqiyyət də xüsusiyyəti yalnız mümkünsüzlük olan bu tip qeyri-vücudladandır. Yəni, risk olmadan müvəffəqiyyət ola bilməz. Bu qədər sadə. Belə bəsit bir fikri niyə bu qədər qarma-qarışıq və "kələ-kötürlü" yolla təqdim etməyim sizə təəccüblü gəlsə də bilin ki, yolüstü fəlsəfədən də nəsə öyrəndiniz. Yaxşı, yaxşı, əsəbiləşməyin. "Mövzunun başlığında risk gördüm, müvəffəqiyyət gördüm, dedim nəsə motivasaya məzmunludur, bu, fəlsəfə xırdalayır, özü də kiçicik bir idea üçün", -deyə düşünən zehninizi oxuyuram sanki. Bunun sizə lazım olmadığını düşünürsünüzsə bilin ki, itirib-itirə biləcəyiniz sadəcə bir neçə dəqiqəlik zaman idi. Zamanın isə çox dəyərli olduğunu deyirlər amma məncə bu ondan necə istifadə etməyinizdən asılıdır. Yəni, zaman dəyərləndiyiniz qədər dəyərlidir. Sizin mənə maraqlı olan bu məlumatlara nəzər salmağı belə vaxt itkisi sayacaq qədər zamanınızı qiymətləndirənlərdən olmağınız ümidiylə keçək o biri məsələyə.
"Risksiz müvəffəqiyyət" Azərbaycan dilinin sintaktik qaydalarına əsasən birinci tərəfi təyin, ikinci tərəfi təyin olunandan ibarət birinci növ təyini söz birləşməsidir. Məntiqli olan budur ki, ilk başda haqqında danışılan məfhumu-təyin olunanı araşdırıb ondan sonra təyinin onu nəylə xüsusiyyətləndirdiyinə baxaq. Beləliklə ilk sual, "müvəffəqiyyət nədir" olacaq. Müvəffəqiyyət üzərində çalışdığınız bir işdə, bir fəaliyyətdə gözəl nəticələr əldə etmək, uğur qazanmaq, yəni qalib olmaqdır. Qalib olmaq və qalib olmamaq, udmaq və uduzmaq, yəni iki fərqli seçim, iki mümkün haldan biri olan bu müvəffəqiyyətə yox, o biri yola-uğursuzluğa, məğlubiyyətə tərəf getmək şansımız yoxdur? Bizlərə tam azad, heç bir əlavə faktorun təsiri olmayacaq şəkildə seçim haqqı verilsə ki, ya məğlub ol, ya qalib ol, bəzilərimiz bəlkə də məğlub olmağı seçəcək. Bir halda ki, bizlərin bir hissəsi ağıllarını başlarından alacaq, onlara etməməli olduqlarını etdirəcək spritli içkiləri qəbul edir, ağ ciyərlərini məhv edəcək, öskürtüsündən gecələr yatmağa belə icazə verməyəcək tütün vasitələrinin istifadəsinə başlayır, həyat yol ayrıcında uğur əvəzinə uğursuzluğun, qalibiyyət əvəzinə məğlubiyyətin seçiləcəyi şansı da var. İki belə qarşılıqlı tərs mümkün hal olduğunda, onlardan birinin baş verməsi ehtimalı o birinin baş verməməsi riskidir, elə deyilmi? Elə isə müvəffəqiyyət və uğursuzluq kimi iki haldan birinin-müvəffəqiyyətin baş verməsi də risklidir, risksiz deyil. Mən deyərdim ki, bu "risksiz müvəffəqiyyət hərisliyi və inancı" yalnız qorxudan irəli gəlir. Bəziləri məğlub olmaqdan o qədər qorxur ki, həyatları boyunca, yalnız mütləq müvəffəqiyyət vəd edən işlərin axtarışındadırlar və, təəssüf ki, bu axtarışın heç vaxt müsbət nəticələnməyəcəyindən xəbərsizdirlər. Ümumiyyətlə, mümkün risklərin nələr olduğu təyin olunduqdan sonra nə risklər, nə də onların baş verməsi ehtimalları əsasında qərar vermək vacib deyil, sadəcə hansı risk həqiqət olsa hansı işin görülməli olduğu əvvəlcədən müəyyən olunsa kifayətdir. Hal-hazırda sahib olduğunuz müvəffəqiyyət və uğursuzluqlarınız başlanğıc nöqtə, məqsədiniz isə gedəcəyiniz yerdir. Sizi oraya aparan yoldakı daşlara ilişməmək, çala-çuxura düşməmək, kələ-kötürlü yerlərdə yıxılmamaq hətta büdrəməmək üçün necə, kimlə, nə vasitəsilə, nə vaxt məqsədinizə tərəf yollanacağınızı əvvəlcədən təyin edin və əgər yolunuz çox uzun və cəfalıdırsa və məqsədinizə çatmaq üçün alternativ yol yoxdursa və məqsədinizin doğru olduğuna əminsinizsə çətinliklərin və onların risklərinin sizi yolunuzdan çıxarmasına, yəni məqsədlərinizdən uzaqdırlaşmasına izin verməyin.
İstinadlar
Məqaləmdəki fəlsəfi məqamlar filosof-şərqşünas, psixoloq, teoloq, yazıçı, publisist Rövşən Abdullaoğlunun Youtube portalındakı Fəlsəfə Dərslərindən - https://www.youtube.com/playlist?list=PL6dutxunfNYE-Jz5PjGr7AZXBAY0i7bts
Məqalənin logosunun arxa fonundakı şəkil - https://goo.gl/images/yjDxaf
Məqalənin logosunun hazırlandığı pulsuz platforma - https://photopea.com
コメント