Bu məqalə “BUTA Art & Sweets” və "Sosial Biznes Gənclər Mərkəzi" sosial bizneslərinin təsisçisi, sosial sahibkarlıq üzrə təlimçi, sosial sahibkar Sara Rəcəblinin 1 Dekabr 2018-ci ildə “Düşüncə Gücü - Gənclərin Fərdi İnkişafına Dəstək İctimai Birliyi”ndə keçirilən seminarında topladığım məlumatlar əsasında yazılıb.
Küçədə bir ehtiyaclı(dilənçi) görəndə neynirsiniz? Yox, yox, bu bir sosial sınaq deyil, sadəcə, ritorik bir sualdır. Küçədə bir dilənçi görəndə neynirsiniz? Yanından onu görmürmüş kimi ötüb keçirsiniz? Ya qayıdıb "5-3" manat həmin adamın cibinə qoyub, get yemək ye, çay iç və ya başqa bir ehtiyacını gör, bu günlük sənə bəs eləyər deyirsiniz? Yaxşı, bu gün qarnı doydu, qəlbi isindi, üzü güldü, bəs sabah? Yox, yox yenə də haqqımda qəribə şeylər düşünürsünüz, bilirəm, amma xəbəriniz olsun ki, mən də ehtiyaclılara kömək etməyin çox alicənab və vacib əməl olduğunun bilincindəyəm, fəqət bir sual meydana çıxır axı, bundan daha yaxşısı ola bilər? Bundan daha çox kömək edə bilərikmi? Deyə bilərsiniz ki, maddi vəziyyəti mənim kimi və ya məndən də yaxşı olan hər kəs mənim elədiyimi eləsə, (məs. ehtiyaclılara maddi kömək etsə) dünyada ehtiyaclı qalmaz. Birincisi bunu bəyan etməklə və ya maddi imkanı yaxşı olub bu tip işlər görməyənləri tənqid etməklə bu barədə müsbət nəticələrə çatmaq real görünmür, ikincisi isə əgər "çərçivənin kənarını görə bilsək," buna ehtiyac da yoxdur, ən azından daha az ehtiyac var.
2005-ci ildə ABŞ-da ən yaxşı 25 liderdən biri seçilən "Youth Venture" (“Gənc Təşəbbüskarlar”), "Get America Working" (“Amerikaya iş verək”) və "Ashoka: Innovators for the public" (“Aşoka: İctimaiyyət üçün Yenilikçilər”) təşkilatlarının təsisçisi, sosial sahibkar Uilyam "Bill" Draytonın dediyi kimi: "Sosial sahibkarlar yalnız bir balıq vermək və ya balıq tutmağı öyrətmək hədəfi qoymurlar. Onlar balıqçılıq sənayelərini inqilab etməyincə dayanmayacaqlar". Baxın bu məqalədə də “balıqçılıq sənayesində inqilab etməyi hədəfləyən”, başqa sözlə,
yoxsulluğun aradan qaldırması
insanları və cəmiyyəti təhdid edən məsələlərin
təhsil, səhiyyə, ətraf mühit problemlərinin həll edilməsi
fiziki məhudiyyətli şəxslər kimi həssas əhali qruplarına lazım olan texnologiyaların əlçatan edilməsi
kimi sosial missiyaların bir və ya birdən çoxunun biznes vasitəsilə tamamlanması üçün çalışan sosial sahibkarlar, daha dəqiq desək, sosial sahibkarlıq haqqında danışacağıq...
Sosial biznes/sosial sahibkarlıq konsepti ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülh mükafatı laureatı, vətəndaş cəmiyyətinin lideri Muhammed Yunus tərəfindən yaradılıb.
Bir gün bu Muhammed Yunus dilənçiləri yığır bir yerə, niyə diləndiklərini soruşur və sizin də təxmin edə biləcəyiniz kimi, səbəbin maddiyyat, dolanışıq çatışmazlığı olduğu üzə çıxır. Muhamməd Yunus da onlara deyir ki, onsuz da dilənmək üçün “aləmi-əcəmi” gəzirsiniz, dilənmək əvəzinə alın bu məhsulları satın, komisyonunuzu götürün. 100 mindən çox dilənçi bu fəaliyyətə qoşulur. Sonralar o 100 min dilənçinin 22 minindən çoxu dilənçilikdən tamamilə uzaqlaşıb, satıcı kimi işləməyə başlayır.
Muhammed Yunus sankrit dilində mənası “kənd bankı” kimi səslənən "Grameen Bank"ın da təsisçisidir. Muhammed Yunusun, özünün də dediyi kimi, "ənənəvi banklar" nə edirdilərsə, Grameen bankda bu proseslərin tərsi yönündə fəaliyyət göstərilir. Yəni,
Ənənəvi bankar kredit vermək üçün təminat, girov, iş yeri və daha nələr-nələr tələb edirdilər, Grameen Bank isə, demək olar ki, heç nə tələb etmirdi.
Ənənəvi banklar kommersial məqsədli fəaliyyət göstərir, yəni, məənfətini artırmaq ”dərd” ində idilər, Grameen Bank isə bir sosial biznes kimi maddiyyatı ikinci plana atır, puldan yalnız öz sosial missiyasını tamamlamaq üçün istifadə edirdi.
Ənənəvi banklarda faizlər çox olurdu, Grameen Bank isə xidməti işlərin icrası üçün əlavə olaraq sadəcə cuzi bir məbləğ götürürdü.
Grameen Bank kreditləri istehlak (şəxsi istifadə) məqsədilə yox, yalnız məhsuldar fəaliyyət üçün verirdi. Çünki bu mikrokreditlər, xüsusən, cəmiyyətdə işsizliyin məşğulluğa nisbətinin ən böyük olduğu hissədə - evdar qadınlar və gənclər arasında, bilavasitə, işsizlik probleminin həlli qayəsini daşıyırdı.
Ənənəvi banklar şəhər mərkəzlərində filial açmaqla öz prestijlərini artırmaq üçün çalışarkən, Grameen bank adından da göründüyü kimi (grameen- sankrit dilində kənd mənasını verir), ölkənin ucqar nöqtələrinə yönəlirdi.
Grameen bankda ənənəvi banklardan fərqli olaraq ödənişdə ciddi qaydalar qoyulmurdu.
Bəs bir biznesin sosial biznes olması üçün nə lazımdır, hansı şərtlər ödənməlidir? Muhammed Yunusa görə sosial bizneslər aşağıdakı 7 prinsipə tabe olmalıdırlar :
Biznesin əsas məqsədi, qayəsi pul qazanmaq yox, yuxarıda oxudunuz kimi sosial problemlərin həllinə çatmaqdır.
Biznes maliyyə/iqtisadi cəhətdən davamlı olmalıdır. Baxın, bir dilənçiyə istehlak məqsədilə pul vermək xeyriyyədir. Xeyriyyə çox gözəldir, amma davamlı deyil. Sosial bizneslərin fəaliyyət(lər)i isə daim davam etməli və hətta daha da yaxşısı, özünü inkişaf etdirməlidir. Bu prinsip sosial biznesi xeyriyyədən ayıran 2 əsas xüsusiyyətdən biridir ki, irəlidə, 2-ci fərqləndirici xüsusiyyətə də nəzər salacağıq.
İnvestorlar investisiya etdiklərindən çox divident götürməməlidirlər. Başqa sözlə, investorlar ənənəvi biznesdə olduğu kimi mənfəət götürmək üçün yatırım etmirlər və sosial biznesdən yalnız qoyduqları kapitalı götürürlər.
Mənfəət şirkətin genişlənməsi və inkişafı üçün xərclənməlidir. Amma sosial sahibkar da sosial biznesi üzərində işləmək üçün öz şəxsi ehtiyaclarını ödəyəcək qədər pula ehtiyyac duyur, axı. Burada ən əsas məsələ məqsədlə vasitəni ayırd edə bilməkdir. Yəni, sosial sahibkarın öz sosial biznesində məqsədi pul qazanmaq yox, verilmiş sosial problem(lər)i həll etməkdir və mən sosial sahibkarın artıq qalan mənfəətin bir hissəsini öz ehtiyaclarını ödəməsi, bununla da sosial biznesi üzərində işləməyə fürsət tapa bilməsi və beləliklə, biznesin sosial məqsədinə çatması üçün vasitə kimi istifadə etməsində bir problem görmürəm. Hətta sosial sahibkarlardan sosial sahibkarın mənfəətin 50 faizə qədərini sosial biznes adına xələl gəlmədən, öz şəxsi istifadəsi üçün ayıra biləcəyini də eşidə bilərsiniz.
Bir sosial problemi həll edərkən başqa bir (neçə) sosial problem yaratmamaq lazımdır. Başqa sözlə, sosial biznesdə biznesin sosial məqsədinin nə olduğından asılı olmayaraq gender, ekoloji şüurluluq, insan haqları kimi məsələlərə həssas yanaşılmalıdır.
İşçi qüvvəsi daha yaxşı iş şəraiti ilə işinə uyğun bazardakı əmək haqqı qədər maaş almalıdır. Sara Rəcəblinin seminarında sosial sahibkarlıq konteksi barəsində ilk dəfə eşidəndə, ətrafımdakıları, dostları-tanışları da könüllü işə cəlb edib "nələr-nələr eləmək" olar deyə düşünmüşdüm və belə bir prinsipin olduğunu gördükdə əsas məqsədin əmək istismarının qarşısını almaq olduğunu hiss etsəm də bu prinsipin düzgün niyyətlilərə də müəyyən qədər maniə yarada biləcəyindən, açığı, bir az məyus oldum. Əslində seminarda sosial biznesdə könüllülük olmaz deyə bir şeydən, ümumiyyətlə, danışılmamışdı amma bu prinsipi eşidəndən sonra camaata "gəlin, sosial bir məqsəd ətrafında birləşək, bu və ya digər sosial problem(lər)i könüllü, heç bir məvacib olmadan sosial biznes yolu ilə həll etməyə çalışaq",-demək də doğruluğu sual altına düşən, cəmiyyətdə düzgün anlaşılmamaq riski olan bir işə çevrilir deyə düşündüm. Sonra internetdə sosial sahibkarlıq barədə araşdırma apararkən Fuad Əliyevin 2007-ci ildə Marketing jurnalında dərc olunmuş, öz bloqunda da paylaşdığı "Sosial sahibkarlıq və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı" məqaləsində "Habitat for Humanity" adlı bir təşkilat barədə məlumata rast gəldim. Deməli, "Habibat for Humanity" Amerikada evsizlərə bazar dəyərindən qat-qat aşağı qiymətə evlər satan bir təşkilatdır. Və qiymətlərin aşağı olması tikinti materiallarının ianə şəklində verilməsi(bağışlanması) və işçilərin demək olar, hamısının könüllü işləməsi hesabına başa gəlir. Sara xanımın özünün təsis etdiyi sosial sahibkarlığın ödənişsiz şəkildə tədrisi ilə məşğul olan "Sosial Biznes Gənclər Mərkəzi"nin(Social Business Youth Center – sbyc) Instagram-dakı hesabında bu 7 prinsipin izah olunduğu paylaşıma şərh kimi bu məsələni yazdım. Təxminən, 15 dəq. keçməmişdi ki, cavab yazdılar. Deməli, bu "işçi qüvvəsi işinə uyğun bazardakı əmək haqqı qədər maaş almalıdır" ibarəsi Afrika və Asiyadakı işçi istimarına qarşı etiraz kimi sosial biznesin prinsipləri sırasına sonradan əlavə edilibmiş. Nəticə etibarilə, deyə bilərəm ki, istismar halları yoxdursa, yəni, niyyətiniz yaxşıdırsa, əməkdaşlarınızı sosial biznesiniz üçün pulsuz, könüllü işə dəvət etməkdə bir problem yoxdur. Yenə də, ən ideal variant, təbii ki, onları normal maaşla təmin etməkdən başqa bir şey deyil.
Axrıncı və bəlkə də bir sosial biznesin uğurundakı ən mühüm faktor isə bu işin həqiqətən istənilərək görülməsidir. Yəni, sosial sahibkarlar bu işi zövqlə, sevinclə görməlidirlər. Sosial sahibkarlıqla əlaqəsi yoxdur amma mənim üçün çox maraqlıdır, əgər "sosial sahibkarlar bu işi zövqlə, sevinclə görməlidirlər" əvəzinə "sosial sahibkarlar bu işi zövqlə, sevinclə görmürlərsə bu işi, ümumiyyətlə, görməsinlər!" desəydim bu fikirlər sizdə yaratdığı təəssürat baxımından sizin üçün nə qədər fərq eləyərdi? Vaxtınız və həvəsiniz olanda, Literarian Programmer-in Facebook və (ya) Instagram-dakı səhifəsində bu məqalə haqqında paylaşımın şərhində, ya da bu səhifələrin "birbaş ismarıc" bölməsində(DM-direktə), ya da ki elə mənim öz şəxsi profilimə 1(fərq elədi, əvvəlki yaxşı idi), 2(fərq elədi, 2-cisi yaxşıdır), 0(fərqi yoxdur) da yazsanız, bu barədə sizə minnətdar olardım. Hətta bu sorğu da içində olmaqla 5 sorğudan sonra 6-cı sorğunu yazacağım məqalədə istəyənlərin adlarını yazaraq təşəkkür edəcəyəm, sadəcə, adlarını paylaşmaq istəyənlər əlavə bir + qoysalar kifayətdir. Məs. bu iki ifadə tərzinin ikincisinin birincisindən yaxşı təəssürat yaratdığını düşünürsünüzsə, və əgər məqalələrimdə (!) adınızın olmasını da istəyirsinizsə, sadəcə, 2+ yazıb mənə göndərirsiniz. 2 simvol, "saysız hesabsız" sorğu suallarına uzud-uzadı cavablar yox, cəmisi 2 simvol.
Bu gün, bu məqalədə Muhammed Yunusun bayaq dediyimiz 2 böyük sosial sahibkarlıq layihəsindən əlavə daha çox Azərbaycanda yaradılanlar olmaqla 5-ə qədər nümunəyə baxacağıq amma əvvəl, gəlin, QHT, xeyriyyə və sosial biznesləri müqayisəli araşdıraq:
Xeyriyyələrin sosial bizneslərdən əsas 2 fərqindən birini yuxarıda da qeyd etmişdik:
Sosial bizneslər istər fəaliyyət, istərsə də maliyyə baxımından davamlıdır, xeyriyyələrdəsə belə bir tələb yoxdur. Yəni, tutalım, siz bu saat gedib bir ehiyaclıya maddi kömək etsəniz, həmin şəxs sabah da bu gördüyünüz işdən xeyir görsə də, görməsə də bu xeyriyyədir. Amma siz kim(lər)əsə davamlı olaraq kömək edəcək, verilmiş iqtisadi bazarda özünə yer tutacaq və öz biznes fəaliyyəti nəticəsində bu işləri görəcək bir sistem yaradırsınızsa, bu artıq sosial biznesdir.
İkinci fərq bundan ibarətdir ki, xeyriyyələrdə keyfiyyətə nəzarət yoxdur. Məsələn, üzr istəyirəm, bir əyyaşa "acından ölür, bu pulu verim, qarnı doysun",-deyə kömək etsəniz, haradan biləcəksiniz ki, bu pulla gedib əlavə bir içki də almayacaq? Sosial biznesdə isə ənənəvi biznesdə olduğu kimi məhsul və (ya) xidmət satışı mövcud olduğundan təbii ki, müştəri məmnuniyyəti çox mühümdür və müştəri məmnuniyyətində ən asas faktorlardan biri, hətta, bəlkə də birincisi sizin də təxmin edə biləcəyiniz kimi keyfiyyətdir.
QHT-Qeyri Hökumət Təşkilatları da, sosial problem(lər)in həlli konseptində qurula bilir amma sosial bizneslə arasında bir sıra fərqlər var:
QHT-lərin və sosial bizneslərin pul qazanmaq yolları fərqlidir. QHT-lər qrantlar əsasında fəaliyyət göstərir, sosial bizneslərdə isə qrantlara, təbii ki, isti baxılır amma pul axını böyük ölçüdə biznes fəaliyyətinə-satışa əsaslanır.
Əməliyyat üsullarına görə də fərqlənirlər. Sosial biznes kommersial biznes kimi satışlardan pul qazanır və bir yandan da bu satışlardan gələn gəliri maksimallaşdırmağa çalışır. QHT-lər isə hokumət(lər)in və donorların dəstəyini axtarır.
QHT-lərin bütün mənfəəti öz missiyalarına yonəldilir. Yəni, QHT-lər mütləq şəkildə sosial "qayıtma dərəcəsi" ilə fəaliyyət göstərir(Brian Tracy-nin "Satış Ulduzu Ol" kitabında başa saldığı kimi "qayıtma dərəcəsi maliyyə yatırımının hansı gəlir verəcəyini göstərir"). Sosial biznesdə isə mənfəətin bir hissəsi sosial missiyaya, qalanı məhsul və ya xidmətin keyfiyyətinin artırılması və inkişafına yönəldilir.
Xeyriyyə, QHT və sosial biznes arasındakı fərqlər haqqındakı bəhsi "Sosial Sahibkarlıqla tanışlıq" kitabının yazarı Tereza Çehinanın sözləriylə bitirək: "Xeyriyyəçilik və ticarət arasında qalan hər şeyə sosial sahibkarlıq deyilir."
Digər sosial sahibkarlara keçmədən öncə Muhamməd Yunusun təşəbbüsüylə reallaşan bir layihədən danışaq:
2005-ci ildə Fransada-Parisdə səfərdə olarkən Muhamməd Yunus əksəriyyətimizin yoqurtlarının dadına aşina olduğumuz "Groupe Danone"nin CEO-su tərəfindən "La Fontaine Gaillon" restoranına görüşə çağırılır. Görüş zamanı, Muhammed Yunus Banqladeşdə kasıb uşaqların sağlam qida rasionunun olmadığını, nəticədə, milyonlarla uşağın xəstəliklərə qarşı həssas olduğunu deyir və Banqladeşli uşaqların qida rasionundakı çatışmazlıqları kompensasiya edə biləcək qidaların mövcud olduğu yoqurtların Banqleşdəki ən kasıb uşağın belə ala biləcəyi qiymətə satışını təşkil edən bir sosial biznes layihəsi təklif edir. Tərəflər mənfəətsiz bu işi görməyə razılaşırlar. Deməli, ekspertlər müəyyən edirlər ki, hər həftə bu yoqurtlardan 2-sini yeməklə 9-10 ay sonra Banqladeşdəki o immuniteti zəif olan uşaqların orqanizmlərində çatışmayan miktonutrientlər kompensasiya olunur, immunitetlərindəki boşluqlar doldurulur. Bu razılaşma haqqında bəziləri "Danone özünü məşhurlaşdırmaq üçün sizdən istifadə edir",-deyə irad bildirəndə Muhammed Yunus deyirdi ki, “yox, biz sosial sahibkarlığı məşhurlaşdırmaq üçün Danone-dən istifadə etdik."
İndi isə, ölkəmizdə təşkil olunan bir neçə sosial biznes layihəsinə nəzər salaq:
Azerbaijani Socks. Qusar şəhərində ingilis dili dərsləri verən amerikalı bir xanım - Teresa Hamlin azərbaycanlı evdar qadınların hördüyü corabları görür, və belə demək olarsa, bu toxunma corablar Teresa xanımı özünə heyran qoyur. Amma bu corablar satışda çətin tapılır, demək olar yalnız qızlara cehiz kimi verilirmiş. Corab toxuyub satanlar isə ya imkansızlıqdan, ya da ümumiyyətlə, həmin ərazidə mövcud olmadığından keyfiyyətli toxuma ipi tapa bilmirlər. Bu vəziyyətdə, Teresa Hamlin ketfiyyətli, rəngbərəng toxuma ipləri alır, cürbəcür toxuma naxışları alqoritmlərini tapır, Azərbaycanın ucqar bölgələrindəki evdar qadınlara verir, sonra həmin qadınların toxuduğu corabları onlardan alıb "Azerbaijani Socks" brendi adı altında dünyaya satır. Nəticədə nə oldu?
Evdar qadınlar evdən çıxmadan layiqli əməkhaqqı alacaqları işlə təmin olundular
Nəsillərdən nəsillərə ötürülərək biz azərbaycanlılara gəlib çatan bu əl işi sənəti Azerbaijani Socks adı altında dünyaya əl-ayaq açdı.
Hələ bunlardan əlavə Qusar rayonunda 17 yaşlı bir qızın universitetlərə qəbul imtahanına hazırlaşması xərcləri də Azerbaijani Socks-un gəlirləri hesabına təmin olundu.
Bilirsiniz də, geyim materialları torpağa gec qarışır. Mən də bilirdim. Amma Xəyalə İbrahimova adlı Azərbaycanlı bir xanım bilməklə kifayətlənməyib, bu tip materialların yenidən istifadəsinə şərait yaradan bir sosial biznes qurdu. "MirvariStore" adlanan bu şirkətdə köhnəlmiş, lakin istifadəyə yararlı geyim, aksessuar, çantalardan qələmqabıları, pul qabıları kimi məhsullar hazırlanıb satılır. MirvariStore bununla da
tullantıların artımının qarşısını alır
pula ehtiyacı olan tələbələrə işsiz evdar xanımlara iş imkanı yaradır.
Hətta toxuma, maşınla tikmə, milli üslubda naxışların vurulması, boyama işlərini bacaran xanımlar evdən çıxmadan işləyə bilirlər.
Ən azı 3 sosial problem və həlli...
BUTA Art & Sweets. Bu ilin oktyabr ayının 14-də bir yaşı qeyd olunan “BUTA Art & Sweets”in instagram səhifəsindəki bir paylaşımda paylaşılan, platformanın təsisçisi Sara Rəcəblinin həmin tədbirdə verdiyi məlumatları diqqətinizə çatdırıram:
“Bu sosial biznesin qurulmasında əsas məqsəd xüsusi ehtiyacı olan xanımların hazırladığı ev şirniyyatlarının korporativ və fərdi şəxslərə satışı ilə onların işsizlik problemini həll etməkdir. “BUTA Art & Sweets” ancaq 85 avro investisiya (bootstrapping) ilə işə başlayıb və artıq bir ildir fəaliyyət göstərir. Qısa müddət fəaliyyətə baxmayaraq 17 xüsusi ehtiyacı olan xanımı cəlb etməklə menyunda 25 növ şirniyyat növü əlavə etməklə, 30-dan çox şirkət, QHT və tədbir təşkilatçıları ilə uğurlu əməkdaşlıq qurub, 5 ölkədə (Rusiya, Fransa, Macarıstan, Bəhreyn və Latviya) yüksək səviyyəli yerli və beynəlxalq tədbirlərdə xanımların hazırladığı şirniyyatları təqdim olunub. Bundan əlavə “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramına Azərbaycandan ilk sosial biznes layihəsi kimi seçilərək böyük uğurlara imza atıb.
buta_art_sweets“Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramının ən məsuliyyətli iştirakçısı kimi Niderland Krallığın Haaqa şəhərində keçirilən “One Young World” zirvəsində iştirak üçün tam təqaüd qazanıb. Müxtəlif görüş və tədbirlərlə xüsusi ehtiyacı olan xanımlar haqqında “əlillik” stereotiplərin sındırılması üçün çalışırlar.
“BUTA Art & Sweets” komandasında çalışan xanımlar BBC və Avropa İttifaqının ən aparıcı media kanalı sayılan “European External Action Service” platforması tərəfindən qeyd olunub.”, Sara Rəcəbli.
Bu qədər ətraflı təqdimatın üzərindən bu sosial biznes haqqında deməyə əlavə bir şey yoxdur, yəqin ki.
Sosial Biznes Gənclər Mərkəzi (Social Business Youth Center).
Bu məqalədə oxuduğunuz hekayələr, sitatlar və qaydaların əksəriyyəti Sara Rəcəblinin təqdimatından əlavə, bu platformanın online tədris resursları (paylaşımları) əsasında yazılıb - ifadə olunub. Və eləcə də Sosial Biznes Gənclər Mərkəzinin təşkil etdiyi şəxsi inkişaf məzmunlu tədbirlərdə iştirak etməyinizi tövsiyyə edirəm. Mən son 2 tədbirdə izləyici kimi iştirak etmişdim, bunların yaxşı mənada həyat dəyişəcək fəaliyyətlər ola biləcəkləri inancındayam.
Bir sosial biznes ideamız var. Yaxşı, bəs onu necə reallaşdıraq? Haradan başlayaq? Ən ideal variant, bir sosial biznesə başlamazdan əvvəl insanların, xüsusilə, məhsul(lar) və (ya) xidmət(lər)inizi istifadə edəcək müştərilərin bu ideayaya münasibətini öyrənmək, başqa sözlə, bazarı araşdırmaq lazımdır. Natamam marketinq tədqiqatları və ya ümumiyyətlə bu cür tədqiqatlar aparılmadan işə başlanılması biznesinizin uğursuzluqla üzləşməsi riskini artırır. Məsələn,
Əfqanıstanda bir əyalətdə, təmiz içməli su çatışmazlığından, qadınların ağır su dolu qabları daşıyarkən çəkdikləri əziyyətdən xəbər tutan BMT(Birləşmiş Millətlər Təşkilatı) bu əyalətə daimi su təchizatı qurmaq qərarı verir. Bir müddət sonra xəbər gəlir ki, bəs, həmin su təchizatındakı borular sınıb. Bu əyalətə bir də su çəkirlər. Yenə, də borular sınmış halda tapılır. Bu dəfə də həmin yerə su çəkirlər və izləyirlər ki, bu borulara nə baş verdiyini, sındırılırsa kim(lər)in sındırdığını anlasınlar. Görürlər ki, su daşımaq kimi, hər gün görülməli, ağır bir işi boyunlarından götürmək istədikləri qadınlar özləri yaradılmış su təchizatının işini dayandırmaq üçün boruları sındırırlarımış. İşin əsili budur ki, su daşımaq Əfqanıstanın bu əyalətindəki qadınların bir-birilə söhbət edə, dərdləşə rutin, ağır ev işlərindən uzaqlaşa biləcəkləri, demək olar, tək fəaliyyət idi və su sisteminin yaradılmasıyla birlikdə bu fəaliyyətin "nöqtəsi qoyulmuşdu".
Kolumbiyada yaşayanlar milli mətbəxlərinə çox bağlı olduqlarından, demək olar, "xarici yemək"ləri heç sınamırlar ki, bu səbəblə Kolumbiya yeganə ölkədir ki, "McDonalds" həmin ölkədə fəaliyyət göstərmir.
Japonlarda isə ketçup yeyilmədiyindən "Heinz" Yaponyaya girə bilmədi.
Yaponlar çay mədəniyyəti çox inkişaf etmiş bir ölkənin nümayəndələri kimi kofe də içmirdilər. Hal-vəziyyət belə olanda "Sturbucks" şirkəti Yaponyada, ilk başda, qəhvə satışlarına "start vermək" riskinə girmədi. Əvəzinə uşaqlar üçün qəhvə dadı verən konfetlər hazırlayıb satmağa başladı. Sonra həmin uşaqlar böyüyüb "qəhvə aludəçisi" oldular. Baxın, xüsusilə, sosial bizneslərdə bu tip yaradıcı(kreativ) yanaşmalara ehtiyac duyula bilər. Bilirsiniz, insanların, demək olar, hamısının qəlbində o humanizm, mehribanlıq hissi var, di gəl bəzən istəmədən bu hislərə zidd gedən əməllər də icra eləyirik. Məsələn, müəyyən fiziki məhdudiyyəti olan bir adam görəndə, istər-istəməz, özümüzdə ona qarşı müdhiş bir həssaslıq və qayğı hiss edirik amma ilk dəfələr onlara qarşı, adətən, bu hislərə tam tərs bir münasibət göstəririk, onlarla dost olmaqdan, hətta danışmaqdan çəkinirik, sanki. Əslində bunlar, səhvən-istəmədən onları incidəcək bir şey edərik qorxusuyla baş verir, bəlkə də.
Nəticə etibarilə, sosial biznes qurarkən cəmiyyətin və ya ən azından potensial müştəri kütlənizin məhsul(lar) və (ya) xidmət(lər)iniz barəsində sahib ola biləcəyi bu tip qorxuları, stretipləri(önyarqıları) araşdırın və şirkətin marketinq və pr(public relations-ictimaiyətlə əlaqələr) strategiyalarında bu faktorları nəzərə alın və hətta üzərinə gedin. Sorğular keçirin və bu sorğların nəticələrin uyğun, cəmiyyətdəki önyarqılıları aradan qaldırmaq məqsədi daşıyan video-çarxlar hazırlayın, kompaniyalar təşkil edin, ictimaiyyətə fiziki məhdudiyyətləri olan xanımların hazırladığı şirniyyatların, digərlərinin bişirdiklərindən daha dadlı olmaması üçün bir səbəb olmadığını başa salın.
Son bir məsələyə də toxunum. Bilirsiniz də, 21-ci əsrdə manipulyasiyalar(insanların etibarının sui-istifadə olunması, insanların aldadılması) ömrü az və uzun müddətli marketinq siyasətinin düşmənidir. Hələ bu işi görənlərin "insani" keyfiyyətlərindən danışmıram. Xülasə, kəsə söz, tez cümlə, sosial biznes adıyla kommersial biznes təşkil edərək, insanların sosial problemlərin həllinə olan ümidi qırmayın, xahiş edirəm. İnsanların cəmiyyət sevgisindən sui-istifadə etməyin, qoy, tarix sizi dürüst və heysiyyətli bir sahibkar kimi xatırlasın. Unutmayın, Zig Zagların dediyi kimi "Bir sahibkarın ən dəyərli mülkü dürüstlük və heysiyyətdir". Və dünyamızı daha yaxşı bir yer halına gətirmək üçün kommersial biznesinizlərinizdən əlavə ən azı bir sosial biznes layihəsinə qol qoyun. MirvariStore-nin təsisçisi Xəyalə İbrahimovanın "Sosial sahibkarlıq mənə təkcə öz dərdlərimizi düşünməklə kifayətlənməməyi, ətrafımızdakı dərdli insanlara da dərman olmağı öyrətdi" sözlərini tez-tez yada salın. Bu sözlər sizi sosial bizneslər yaratmaqla insanları və cəmiyyəti təhdid edən problemləri həll etməyə motivə edəcək ki, 21-ci əsrdə bu özünüzə, ailənizə, ölkənizə, dünyanıza duyarlı bir iş adamı, dürüst bir sahibkar və ən əsası, insan kimi insan ola bilmək üçün böyük fürsətdir...
Istinadlar və əlavə resurslar
İlk mənbə, təbii ki, Sara Rəcəblinin seminarında öyrəndiklərimdir. Bu dəyərli məlumatları bizimlə paylaşdığı üçün ilk nöbədə Sara xanıma və tədbirin təşkili görə Düşüncə Gücü - Gənclərin Fərdi İnkişafına Dəstək İctimai Birliyinə təşəkkür edirəm. Sara Rəcəblin linkedin: https://www.linkedin.com/in/sara-rajabli-67465b86/ Dusunce Gucu: Instagram səhifəsi: instagram.com/dushuncegucu/ Facebook səhifəsi: facebook.com/dusuncegucuaz/
Əgər sosial biznes haqqında daha çox məlumatlar əldə etmək, bu sahədə “ixtisaslaşmaq” istəyirsinizsə, Sosial Biznes Gənclər Mərkəzinin (Social Business Youth Center) sosial media hesablarını izləməyi məsləhət görərdim . Qeyd edim ki, bu məqalədə oxuduğunuz hekayələr, sitatlar və qaydaların əksəriyyəti və bəlkə də hamısı Sara Rəcəblinin təqdimatından əlavə, bu platformanın online tədris resursları (paylaşımları) əsasında yazılıb - ifadə olunub. Və eləcə də Sosial Biznes Gənclər Mərkəzinin təşkil etdiyi şəxsi inkişaf məzmunlu tədbirlərdə iştirak etməyinizi tövsiyyə edirəm. Mən son 2 tədbirdə izləyici kimi iştirak etmişdim, bunların yaxşı mənada həyat dəyişəcək fəaliyyətlər ola biləcəklərini düşünürəm: Instagram səhifəsi: instagram.com/sbyc_az/ Facebook səhifəsi: facebook.com/SocialBusinessYouthCenter/
Mövzunu arşadırarkən professsor Muhammed Yunusun öz bloqundan da sosial sahibkarlıq mövzusunda sosial biznes konsepti, məşhur sosial biznes layihələri, bu səhədə təcrübə proqramları haqqında ingilis dilində kifayət qədər (!) məlumat əldə edə bilərsiniz: Site: muhammadyunus.org/ 7 Principles of Social Business: yunuscenter.ait.asia/social-business/
BUTA Art & Sweets Instagram səhifəsi: instagram.com/buta_art_sweets/ Facebook səhifəsi:: facebook.com/buta.art.sweets/
MirvariStore: Instagram səhifəsi: https://www.instagram.com/mirvari_store/ Facebook səhifəsi: https://www.facebook.com/MirvariStore/
Azerbaijani Socks: Sayt: https://www.azerbaijanisocks.com/ Instagram səhifəsi: https://www.instagram.com/azerbaijanisocks/ Facebook səhifəsi: https://www.facebook.com/azerbaijanisocks/
Bu məqalədə istifadə etməmişəm, lakin Sosial Business Pedia-da ingilis dilində əla resurslar var, məqalələr, Muhammed Yunusdan alınan müsahibələr, Muhammed Yunusun danışıqlarının mətnləri və s. socialbusinesspedia.com/wiki/social-business
Fuad Əliyevin 2007-ci ildə Marketing jurnalında dərc olunmuş, öz bloqunda da paylaşdığı "Sosial sahibkarlıq və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı" adlı məqaləsi: http://fuadaliyev.blogspot.com/2007/09/sosial-sahibkarlq-v-azrbaycanda-vtnda.html
https://www.shopify.com/encyclopedia/social-entrepreneurship
https://en.wikipedia.org/wiki/Grameen_Danone#Products_and_price
Paylaşımın şəklində işlətdiyim təsvirlər: Sülh - https://www.google.com/search?biw=1304&bih=666&tbs=sur%3Afmc&tbm=isch&sa=1&ei=ti4iXNmyIfKBrwTKq5Qw&q=peace+world+clipart&oq=peace+worl&gs_l=img.1.3.0l9j0i30.24414.40167..44353...12.0..0.163.1566.0j10......1....1..gws-wiz-img.......35i39j0i67.tCJHXXHmtG0#imgrc=EVsI2EFfowL63M: Pul-biznes -https://www.google.com/search?biw=1304&bih=617&tbs=sur%3Afmc&tbm=isch&sa=1&ei=5C4iXNz5IanRrgTbza7IDg&q=money+clipart&oq=money+clipart&gs_l=img.3..0l10.642565.643437..643656...0.0..0.204.1150.0j4j2......1....1..gws-wiz-img.......0i7i30.OZWZHM7xf9g#imgrc=P0vIXMRrDKw-0M:
#sosialsahibkarlıq #sosialsahibkarliq #sahibkarlıq #sosialsahibkarlıq #socialentrepreneurship #socialbusiness #entrepreneurship #business #literarianprogrammer #RustemAzimov
Comments